Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyinə həsr olunan konfrans keçirilib

Press-relizlər / 21.06.2016 / 17:03

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 15 illiyi ilə bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi–15: dünən, bu gün və sabah” adlı konfrans keçirilib.
Əvvəlcə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Komitənin kollektivi Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki dini durum və rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü büruzə verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir.
Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi yarandığı gündən indiyədək fəaliyyətini xeyli genişləndirib, regional bölmələrinin sayı artırılıb. Komitə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda dini sahədə heç bir problemin olmadığını diqqətə çatdırıb. Bildirib ki, Dövlət Komitəsi ilə dindarlar arasında əməkdaşlıqda bir harmoniya var. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaradılması da dindarların işini xeyli asanlaşdırıb. Milli Məclisdə ictimai birliklər və dini qurumlar komitəsinin yaradılmasını da yüksək qiymətləndirən Şeyxülislam müvafiq qurumlar arasında görüşün keçirilməsinin önəmini qeyd edib.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanda multikultural ənənələrin qorunması və saxlanmasında Dövlət Komitəsinin böyük rolu var. Dövlət müşaviri Komitənin bir qrup əməkdaşının Azərbaycan Prezidenti tərəfindən təltif edildiyini diqqətə çatdırıb.
Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev əsrlər boyu yəhudi xalqının Azərbaycan xalqı ilə qardaş olduğunu, sülh şəraitində yaşadığını və hər zaman da yaşayacağını vurğulayıb.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə dini sahədə sabitliyin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda dini proseslərdə stabillik və qarşılıqlı anlaşma var. Bu sahədə çalışan qurumların fəaliyyəti təqdirəlayiqdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti düzgün istiqamətdə qurulub. Azərbaycanda hər bir sahədə olduğu kimi, dini sahədə də düzgün model tətbiq olunub.
Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma-Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıblar. Onlar Azərbaycanda multikultural ənənələrin və tolerantlığın yüksək səviyyədə təmin edildiyini vurğulayıblar.
Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev qeyd edib ki, Azərbaycanda dini zəmində heç vaxt qarşıdurma olmayıb. Tolerantlılıq, dözümlülük Azərbaycan xalqının qanında var.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Komitənin 15 illik fəaliyyəti barədə təqdimatla çıxış edib.
Sonda Azərbaycan Prezidentinə müraciət qəbul edilib.
Qeyd edək ki, konfrans iştirakçılarına Dövlət Komitəsinin 15 illik fəaliyyətini özündə əks etdirən fotoalbom təqdim edilib. 


Son baxılan xəbərlər

Gündüz İsmayılov: “Məscidlərdə kitabxanalar yaradılır”

Açıqlama
01.02.2016 / 16:53
Ətraflı oxu

Dövlət bayrağı milli kimliyimizi xarakterizə edir

Press-relizlər
08.11.2017 / 15:47
Ətraflı oxu

Qubada Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir baş tutub

Press-relizlər
15.11.2019 / 17:07
Ətraflı oxu

Xəzər rayonunda “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Xəbərlər
06.03.2020 / 17:35
Ətraflı oxu

Prezident İlham Əliyev: “Bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası ...

Xəbərlər
04.06.2020 / 11:32
Ətraflı oxu

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

Xəbərlər
17.11.2018 / 13:51
Ətraflı oxu