Multikulturalizm və tolerantlığın dünyada ən mükəmməl nümunəsi

Multikulturalizm / 03.05.2016 / 09:04

Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınıb. Və bu nümunəsi ilə ölkəmiz dünyaya sülhü təbliğ edir. Bu da təbiidir. Çünki cəmiyyətimizdə bütün din sahibləri, müxtəlif mədəniyyətlərə sahib insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər.
Ölkəmizdə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. 
Bu, tarixin bütün dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf edib. Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Xalqımız qonaqpərvər, sülhsevər və humanist olduğu üçün respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə bilirlər. Azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə bilirlər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab etməsəydi və burada özünü azad, sərbəst hiss etməsəydi, respublikamızın müdafiəsinə qalxmazdılar. 
Multikulturalizm həm Azərbaycanda, həmçinin bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafına və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. 
Çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı bu fenomeni öz həyat tərzinə çevirməyi bacarıb. Multikulturalizm həm də Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi çoxdan öz təsdiqini tapıb. Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. 
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, milli və dini azlıqlar da dəstəkləyirlər.
Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir. Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Multikulturalizm haqqında diskursun təşkil edilməsi isə dünyada ədalətə və sülhə çağırışdır.
Azərbaycanın tolerant dövlət kimi formalaşması, multikultural dəyərlərə böyük önəm verməsi və bu sahədə apardığı uğurlu siyasət nəticəsində dünya birliyinə bir nümunədir. Bu baxımdan qlobal səviyyədə baş verən antisemitizm, dözümsüzlük halların aradan qaldırılmasına Azərbaycan modeli tətbiq edilə bilər. Azərbaycan xalqının fərqləndirdiyi əsas məqamlardan biri də multikultural dəyərlərin yüksək səviyyədə olmasıdır. Belə ki, xalqımız əsrlər boyu bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşmışdır. 
Müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyev olduğu üçün əsrlər boyu ölkəmizdə formalaşan multikultural dəyərlər məhz onun hakimiyyəti dövründə yeni inkişaf mərhələsinə qədəm qoyaraq geniş vüsət almışdır. Azərbaycanda kultural mədəniyyətin müasir tələblər səviyyəsində formalaşmasının, ölkədə sabitliyin və tərəqqinin əsas amil olduğunu nəzərə alan ümummilli lider Heydər Əliyev multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini müəyyən etmişdir. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Azərbaycan çoxmillətli dövlət olduğu üçün hər bir milli qrupun ölkədə rahat yaşaması üçün və vahid vətən Azərbaycan uğrunda çalışmaq üçün güclü hakimiyyət və siyasi iradə tələb olunurdu. Məhz ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi sayəsində bu gün Azərbaycanda yaşayan bütün millətlər və bütün din mənsubları rahat şəkildə yaşayır və öz adət-ənənələrinə, dinlərinə sadiqdirlər.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Bu gün isə Azərbaycan dünyaya tolerantlıq nümunəsi ilə təqdim olunur. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanın xarici imicini formalaşdırır və eyni zamanda bir vizit kart rolunu oynayır. Cənab Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində Azərbaycan yüksək mədəniyyətə malik olan və tolerant dövlət kimi dünyada tanınır. Azərbaycanın müxtəlif humanitar sahələrdə təşkil etdiyi mütəmadi beynəlxalq toplantılar, konfranslar, tədbirlər buna sübutdur.
Dünyada 5000-ə qədər xalq, millət və etnik qrup yaşayır. Bu o deməkdir ki, dünyada bir o qədər də etnomədəniyyət, mentalitet, həyat və davranış tərzi var. Azərbaycan multikulturalizmi yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə öz səmərəli nəticələri ilə insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə yönəldilmişdir. Biz bu dəyərimizi hər zaman qoruyub inkişaf etdirməliyik.
Multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı da çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Multikulturalizmi bir dəyər sisteminə çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri siyasi, iqtisadi və mədəni elitada təmsil olunur, ölkənin inkişaf prosesində yaxından iştirak edirlər. Azərbaycan bu sahədə dünyaya örnək dövlət kimi özünü təsdiqləyə bilib. Azərbaycan burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir ölkədir. Qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib.
Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yaradılmış dövlət müşavirlik institutu, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahənin dövlət siyasətinin tərkib hissəsinin olması da bunu sübut edir. Bir sözlə, ölkəmizdə multikultural dəyərlərin təbliği, təşviqi və inkişaf etdirilməsi üzrə böyük işlər görülür. Bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi də bu baxımdan təsadüfi deyil.
Ulu öndər hər zaman qeyd edirdi ki, gənclər bizim gələcəyimizdir. Bizim milli-mənəvi dəyərlərin qorunub, gələcək nəslə çatdırılması çox vacibdir. Axı, gənclər hər zaman müasir innovativ enerji dolu bir toplumdur, onların düzgün tərbiyələnməsi, milli-mənəvi dəyərlərə sadiqliyi həm onların gələcəyi üçün, həmçinin cəmiyyətin ümumilikdə inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Çox sevindirici haldır ki, bu gün Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə, vətəninə, dövlətinə bağlı bir toplum kimi formalaşıb. Bu sahəyə dövlətin böyük qayğısı əsas rol oynayır. Dəyərlərimizin təbliği sahəsində gənclərimiz bir sıra tədbirlər, layihələr həyata keçirir və ya onlara təşəbbüs göstərirlər. Əlbəttə, gələcək nəslin düzgün formalaşması, dünyada qloballaşma prosesi getdiyi bir zamanda, hərdən çətinləşir. Çünki müxtəlif maraqlara xidmət edən cərəyanlar hər zaman gənclərdən başlayırlar. Ancaq xüsusi vurğulamaq istərdik ki, bu gün Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə, vətəninə, millətinə sadiqdirlər, dövlətçilik naminə cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. 
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də hər zaman milli- mənəvi dəyərlərin təbliğində öz töhfəsini verməyə çalışır. Müxtəlif bölgələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gənclərlə görüşlər keçirilir, müxtəlif müzakirələr aparılır. Bu tədbirlərin özəyində həm gənclərimizin düzgün tərbiyələnməsi, maariflənməsi dayanır, həm də Azərbaycanda mövcud olan multikultural dəyərlərin, tolerantlığın təbliğ edilməsi durur. Gənclərə həm dini, həm mədəni sahələrdə aparılan işlər haqqında geniş məlumatlar verilir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 2015-ci ildə Qusar rayonunda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilmiş, region gəncləri ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Multikultural dəyərlərin təbliği ilə yanaşı, gəncliyimiz vətənpərvərlik ruhunda da tərbiyə olunur. 
Azərbaycanda gənclər cəmiyyətin fəal üzvüdürlər və onlar ictimai proseslərdə fəal iştirak edir, tolerantlıq ruhunda böyüyürlər. Təkcə ölkəmizdə deyil, həmçinin bir sıra beynəlxalq tədbirlərdə də gənclərimiz uğurla təmsil olunaraq tolerantlıq və multikultural dəyərlərin təbliğ edilməsində böyük rola malikdirlər. 
Onu da qeyd edək ki, multikulturalizm biliklərinin gənclərə ötürülməsi, onlarda multikultural mədəniyyətin formalaşdırılması üçün bu işə kompleks pedaqoji təsirlərlə yanaşılmalıdır. Bu proses uşaqların yaş səviyyəsinə, anlama imkanlarına uyğun olaraq uşaq bağçasından başlayaraq ümumtəhsil məktəbində və peşə-ixtisas təhsili ocaqlarında sistemli olaraq davam etdirilməlidir. Eyni zamanda, multikulturalizm bilgiləri və təcrübi reallığı tərbiyəvi amilləri ilə də mədəni-intellektual insanın formalaşmasına təsir edər. 
Ümumiyyətlə desək, çoxmillətli Azərbaycan artıq dünyanın nəzərində nümunəvi bir dövlətdir. Ölkəmiz dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda multikulturalizmlə bağlı fikirləri bunu deməyə əsas verir: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”.

Seymur ORUCOV,
YAP Gənclər Birliyinin sədri, YAP Siyasi Şurasının üzvü
"Azərbaycan" qəzeti

Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Azərbaycan tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi”

İSLAM HƏMRƏYLİYİ İLİ
28.12.2017 / 11:12
Ətraflı oxu

Bölgələrdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbirlər keçirilib

Xəbərlər
31.03.2021 / 17:34
Ətraflı oxu

Zaqatalada 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
27.01.2021 / 17:31
Ətraflı oxu

Şimal bölgəsində Xocalı faciəsi anılıb

Xəbərlər
23.02.2021 / 12:33
Ətraflı oxu

Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb

Xəbərlər
14.11.2019 / 17:19
Ətraflı oxu

Prezident İlham Əliyev sərəncam imzalayıb

Xəbərlər
11.04.2013 / 19:44
Ətraflı oxu