Multikulturalizmə Pravoslav kilsəsindən baxış

Multikulturalizm / 02.05.2016 / 08:49

Arxiyepiskop ALEKSANDR: “Azərbaycan multikulturalizmi öyrənilməyə, tədqiq edilməyə layiq mənəvi abidədir”
Azərbaycanda multikulturalizm dövlət siyasətinin qayəsini təşkil edir. Deyilənlərin əyani sübutu üçün biz ölkəmizin tolerant və multikultural dəyərlərinə fərqli baxış bucağından - Azərbaycanın pravoslav xristianlarının gözü ilə baxmağa çalışdıq. Həm də ki, bunun üçün önəmli bir səbəb də var idi. 
Pravoslav xristianları bütün dünyada müqəddəs Pasxa bayramını qeyd edirlər. Bu münasibətlə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı təbrik məktubunda deyilir: “Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edərək, onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verir. Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır.
Pasxa bayramı əmin-amanlığın, birlik və bərabərlik duyğularının rəmzidir. Qoy bu nurlu bayram hər birinizə xoş ovqat, ailələrinizə firavanlıq və sevinc gətirsin”. 
Biz elə bu xoş niyyətlə də Azərbaycan pravoslav xristianlarının şəhərin mərkəzindəki Mixail-Arxangel məbədinin qapısını açdıq. Bu məbədin rahibi Mefodiy bizi kilsə ilə tanış etdi: 
- Kilsənin damı azərbaycanlılar tərəfindən təmir edilib. Ramazan ayında bizə qonaq gəldilər, bayramlaşdıq, yaxşılıq etmək istədiklərini bildirdilər, bu işi də məmnuniyyətlə öhdələrinə götürdülər. 
Kilsənin içindəki rəsmlər də, məlum oldu ki, azərbaycanlı rəssamın əl işləridir. Mefodiydən familiyasını soruşanda cavab verdi ki, Əfəndiyevdir. Anası rus, atası isə azərbaycanlıdır. Bu, kilsənin həyətində qarşılaşdığımız ən maraqlı faktlardan biri idi. 
Bakı-Azərbaycan Pravoslav Xristian Yeparxiyasının arxiyepiskopu Aleksandr pravoslavların milli-mədəni tərəqqisində, multikulturalizmin inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz rol oynadığını bildirir: 
- Həqiqətən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əlahiddə xidmətlərini məxsusi qeyd etmək lazımdır. O, uzun müddət keçmiş Sovet İttifaqında rəhbər vəzifədə çalışan lider kimi rus xalqına, onun dini etiqadına dərindən bələd idi. Bizim gündəlik həyat tərzimizdə xristian dininin necə böyük əhəmiyyət kəsb etdiyini gözəl başa düşürdü. Buna görə də o, din adamlarına çox böyük hörmətlə yanaşırdı. Məhz onun ciddi dəstəyi sayəsində rus Pravoslav kilsəsi öz inkişafında yeni stimul aldı. Heydər Əliyev Azərbaycanda Pravoslav kilsəsinin fəaliyyətini nizama salmaq üçün öncə Bakı Pravoslav Yeparxiyasının yaradılmasında bizdən dəstəyini əsirgəmədi. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının fəaliyyəti bərpa edildi. Bizə həmçinin Bakı Yeparxiyasının Kafedral məbədinin qaytarılmasında kömək göstərdilər, Sumqayıtda (Mərhum Serafim Sarovski prixodu), Gəncədə (Aleksandr Nevski kilsəsi) və Xaçmazda (Möcüzə göstərən Nikolay məbədi) kilsələr fəaliyyətə başladı. İndi şəhərin mərkəzində oturduğumuz kilsə də ulu öndərin göstərişi ilə təmir edildi. Zənnimcə, sadaladıqlarım Azərbaycanın siyasi rəhbərlərinin ölkədə multikultural ənənələrin inkişafına yüksək dəyər verdiklərini əyani sübut edir. 
Pravoslav xristianlarının keçdiyi iki əsrlik inkişaf yolunda çətinliklər, məhrumiyyətlər olsa da, elə bir fakta rast gəlmək mümkün deyil ki, iki xalqın təmsilçiləri arasında gərginlik olsun, anlaşılmazlıqlar yaşanılsın. Bu, əslində, tolerantlığın, multikulturalizmin əsrlər boyu formalaşan və inkişaf edən yüksək təcəssümüdür. Zamanın ciddi maneələrinə baxmayaraq, iki xalqın qardaşlığı, iki dinin qarşılıqlı anlaşma, mehribanlıq şəraitində qoşa mövcudluğu bir an belə zəifləmədi. 
Ölkəmizin əhalisinin əksəriyyəti müsəlman olsa da, burada xristian, yəhudi və digər dinlərin təmsilçiləri mehriban ailə kimi yaşayır. Azərbaycanda 649 dini icma, o cümlədən 24 qeyri-müsəlman icması fəaliyyət göstərir. Onların arasında ayrı-seçkilik yoxdur, hamı bir-birinin adət və ənənələrinə hörmətlə yanaşır, hamıda qarşı tərəfə əsrlər boyu formalaşan xüsusi rəğbət var. Bu, çoxlarının həsəd apara biləcəyi yüksək sosial tolerantlığın təzahürüdür. 
Azərbaycanda ruslar artıq 200 ilə yaxındır ki, yaşayırlar. İki əsrə yaxındır ki, bu ölkə onların vətənidir. Onların nəinki ata və analarının, baba və nənələrinin, hətta ulu əcdadlarının da məzarları bu torpaqlardadır. 20 Yanvar hadisələrində, Qarabağ münaqişəsinin ən gərgin anlarında ruslar da azərbaycanlılarla birlikdə öz vətənlərinin müdafiəsinə qalxdılar. Şəhidlər xiyabanında azərbaycanlılarla rus və digər millətlərdən olan şəhidlər yanaşı uyuyurlar. Azərbaycanın Milli Qəhrəmanı Kovalyovun igidliyi ölkə tarixinə əbədi həkk olunub. 
Azərbaycan müstəqilliyini elan etdikdən sonra da bu ölkədə rus dilinə, rus mədəniyyətinə maraq sönmür. Əksinə, ölkədə rus dilində orta məktəblərin sayı-hesabı yoxdur. Bütün universitetlərdə, institutlarda rus sektorları mövcuddur. Bakı Slavyan Universiteti isə rus dilində mütəxəssislər hazırlayan ən nüfuzlu təhsil ocaqlarından biridir. Rus Dram Teatrı bakılıların ən çox ziyarət etdiyi məkandır. 
Arxiyepiskop Aleksandrla söhbətdə incə və həssas məqama da toxunuruq: statistik rəqəmlərdə ötən əsrin 90-cı illərinə nisbətən rusların sayında azalma müşahidə olunur. 
- Əslində, bu statistikanın izaha ehtiyacı var. - O, məsələyə münasibətini bildirir: - Bunu etnik baxımdan təzyiq kimi təqdim etməyə çalışanlar olub. Don geydirmək istəyiblər ki, ruslara Azərbaycanda yaşamaq çətindir. İndi Azərbaycanda 200 min rus yaşayır, əvvəllər, əlbəttə ki, çox idi. Lakin gəlin başqa bir faktı da nəzərdən keçirək. Rəsmi statistika göstərir ki, 2 milyondan artıq azərbaycanlı xaricdə yaşayır. Bəs onların köçməyinin səbəbi nə idi? Azərbaycanlı olduqlarına görəmi köçürdülər? Əlbəttə ki, yox! Ağır illər olub. 
Ölkədə 90-cı illərin xaosu, iqtisadi çətinliklər insanları yaxşı güzəran naminə mühacirətə üz tutmağa məcbur edirdi. Yaşamaq, ailəni dolandırmaq lazım idi. Buna görə də çıxış yolunu köçüb getməkdə görənlər olurdu. O cümlədən azərbaycanlılar, ruslar və digərləri də. Bu, hamımızın rastlaşdığı ümumi çətinliklər idi. İndi vəziyyət fərqlidir. Azərbaycanda yaşayan ruslar, hətta xaricdə təhsil aldıqdan sonra belə geri dönür, burada yaşamağa üstünlük verirlər. Ona görə ki, onlar bu cəmiyyətdə özlərini qərib hiss etmirlər. Hərənin öz yeri var, ictimai-siyasi həyatın bütün istiqamətlərində təmsil olunur, cəmiyyət üçün faydalı və lazımlı insanlar olduqlarını görürlər. 
Dövlətin, demək olar ki, bütün strukturlarında: Prezident Administrasiyasında, parlamentdə, Nazirlər Kabinetində, kütləvi informasiya vasitələrində, ali təhsil müəssisələrində, biznes mühitində rusların məxsusi yeri var. Həyatın bütün sferalarında təmsil olunuruq. Hamısı çalışır, işləyir və bizdə vətəni tərk edib getmək üçün nə bir səbəb, nə də ki, əhvali-ruhiyyə var. Mənim yaxşı xatırladığım və bildiyim odur ki, hətta 90-cı illərin məlum gərginlikləri zamanı bizim üçün etnik təhlükələr yox idi. Baxmayaraq ki, vəziyyət həddən ziyadə mürəkkəb idi və müəyyən qüvvələr bizim minillik tolerant dəyərlərimizin laxlamasında, çat verməsində maraqlı idi. Burada sosial partlayışlar törətməyə can atırdılar. Lakin niyyətləri baş tutmadı, alınmadı. Ona görə ki, Azərbaycanda tolerantlığın, multikulturalizmin elə çoxəsrlik tarixi kökləri mövcuddur ki, burada yaşayan xalqlar o qədər bir-birinə sıx tellərlə bağlıdır ki, onu zəiflətməyə heç bir qüvvənin gücü çatmaz. 
Multikultural münasibətlər burada yaşayan xalqların qanına, gen yaddaşına əsrlər öncə hopub. Qardaşlıq, dostluq, bərabərlik, qarşılıqlı rəğbət Azərbaycan xalqının qanındadır. Artıq onu dəyişmək, qoparıb atmaq belə mümkün deyil. Azərbaycanda 100-dən artıq xalqın nümayəndəsi yaşayır. 
Ümummilli lider Heydər Əliyev çoxmillətliliyi ölkəmizin milli sərvəti sayırdı. Bu fikir ana xətt kimi Prezident İlham Əliyevin də çıxışlarından keçir. Hər hansı bir ölkənin, lap elə ölkəsini bütün millətlərdən təmizləyən Ermənistanın faşist rejiminin kukla liderləri istəsələr belə bu ifadəni dillərinə gətirə bilməzlər. Çünki orada multikulturalizmi “böyük Ermənistan” adlı iflic olmuş faşist ideologiyası əvəz edir. Tolerantlığın, multikulturalizmin müsbət təzahürlərini axtarmaq istəyirsinizsə, sadəcə şəhərə çıxın, Bakının küçə və məhəllələrini gəzin. Baxın, görün ayrıca hər hansı bir etnik qrupa məxsus olan milli kvartallar, milli küçələr tapa biləcəksinizmi? Bizdə eyni küçədə, eyni binada, eyni blokda müxtəlif millətlərin nümayəndələri yaşayır. Əksinə, hər bir azərbaycanlının milli mentaliteti elədir ki, ona başqa millətdən olan qonşu daha əziz, daha yaxındır. Dinindən, millətindən asılı olmayaraq bütün bakılılar özlərini bir millət kimi sayıb və bununla fəxr ediblər. Bir həyətdə, bir masanın arxasında bir neçə millətin nümayəndəsi çay süfrəsinə otura, dərdləşə bilir. Müxtəlif dillərdə danışan, müxtəlif dinlərə etiqad edən insanların mehriban həyat tərzi Azərbaycanda həmişə adi hal sayılıb. Fərqli xalqları təmsil edən insanlar bir-birini sevir, ailə qurur və uzun illər həyatlarından zövq alırlar. 
Əgər biz Avropa dövlətlərinə, ABŞ-a nəzər salsaq, ayrı bir mənzərə görəcəyik. Ora köçüb gedən mühacirlər bir qədər qapalı həyat tərzi yaşayırlar. Ərəb kvartalları, yapon kvartalları, çin kvartalları ayrıdır. Bəzən elə olur ki, 10-20 il bu ölkədə yaşayan mühacirlər yaşadıqları ölkənin dilini belə bilmirlər. Ona görə ki, qarışmırlar, bir qədər məxsusi, təcrid edilmiş tərzdə ayrı yaşayırlar. Azərbaycana əsrlər boyu pənah gətirən yüz minlərlə mühacir Qərb dövlətlərinə xas mühacir həyatı sürməyib, yerli əhali ilə qohum-qardaş kimi qaynayıb-qarışıb. Çünki Azərbaycan xalqı qədimdən multikultural ənənələrə sadiqdir. 
Arxiyepiskop Aleksandr bunun üçün çoxlu səbəblərin olduğunu bildirir:
- Başlıca amil Azərbaycan tarixi ilə bağlıdır. Tarix boyu, yüzilliklər ərzində işğalçılar Şimaldan Cənuba, Cənubdan Şimala, Şərqdən Qərbə və əksinə bu torpaqlardan keçib gediblər. Bu yürüşlərin Azərbaycan tarixində və müxtəlif toponimlərdə izi qalıb. Burdan keçib gedən xalqlar, təbii ki, öz mədəniyyətlərindən, adət və ənənələrindən, qaydalarından nələrisə qoyub gediblər. Müxtəlif xalqların təmsilçiləri əsrlər boyu yanaşı və dinc yaşayıblar. Atəşpərəstlik, xristianlıq, islam dinləri bu torpaqlarda bir-birini əvəz edib. Müəyyən mənada demək olar ki, mədəniyyətlərin və dini etiqadların sintezi gedib. Yanaşı kəndlərdə yaşayan əhali birləşməli, işğalçılara qarşı mübarizə aparmalı olublar. Qalib gəldikləri və məğlub edildikləri vaxtlar olub. Ona görə də Azərbaycan torpaqlarında müxtəlif mədəniyyətlərin izi qalıb. Bu amillər nəticə etibarilə Azərbaycan xalqında unikal milli keyfiyyətlərin formalaşmasına, fərqli multikultural ənənələrin yaranıb əsrlər boyu cilalanmasına səbəb olub. 
Sovet hakimiyyətinin ilk illərində yeni sovet adamının yaradılmasına cəhdlər edildi. Bu proses süni idi, yuxarıdan idarə olunurdu, mahiyyət etibarilə milli özəlliklərin aradan götürülməsini hədəfə almışdı. Azərbaycanda buna bənzər, lakin fərqli və reallığa söykənən milli münasibətlər modeli mövcud idi. Ona görə ki, bu torpaqlarda müxtəlif xalqların və mədəniyyətlərin təbii və uğurlu sintezi artıq getmişdi. 
Arxiyepiskop Aleksandr XX əsrin sonunda tüğyan edən siyasi və iqtisadi böhrandan Azərbaycanın üzüağ çıxdığını qeyd edir:
- Qarabağ problemi, milyon qaçqın əslində ölkədə milli zəmində geniş qarşıdurmalara səbəb ola bilərdi. Lakin Azərbaycanda bu baş vermədi. Ona görə ki, əsrlər boyu birlikdə yaşayan xalqlar əl-ələ tutub çətinlikləri birlikdə dəf etdilər, sülh və barış içində yaşamağa davam etdilər. Bunun özü də gənc suveren Azərbaycan dövlətinin formalaşmasında, təkamülündə ciddi rol oynadı. Heydər Əliyevin “Çoxmillətlilik bizim milli fəxrimizdir” sözləri əyani təsdiqini tapdı. İndi bu sözlər analiz edilir, ümumiləşdirilir və ona multikultural termin kimi ad verilir. 
Bütün dinlərin arasında paralellər aparsaq, kifayət qədər bənzər cəhətləri və təzadlar təşkil edən məqamları tapa bilərik. VII Qlobal Bakı Forumunda səslənən ən maraqlı təkliflərdən biri də multikulturalizmin təşəkkülündə dinlərin potensial imkanlarından istifadə etməyin zəruriliyi oldu. Bu baxımdan da ölkəmiz müsbət təcrübəyə malikdir. 
İslam və xristian dinlərinin ortaq nöqtələri multikulturalizmin inkişafına təkan vermək gücünə qadirdir. Hər iki din təlqin edir ki, bütün kainatın və dünyanın yaradıcısı yalnız bir Allahdır. Hər iki din monoetnik və həm də abramik dinlərdir. Yəni İbrahim övladlarının dinidir. Kök birdir, dinlərin zühur etdiyi məkan da eynidir. Ən vacibi odur ki, xristian, islam və iudaizm Azərbaycanda ənənəvi dinlərdir. Unutmaq lazım deyil ki, hər üç dinin Azərbaycan ərazilərində tarixi minilliklərlə ölçülür. Xristian dünyasında müsəlmanlar, müsəlmanların içində xristianlığa etiqad edənlər yaşayır. Bu dinlərin arasında qohumluq, mənəviyyat bağlılığı mövcuddur. Bizim tək Allahımız, ümumi peyğəmbərlərimiz var, müqəddəs yerlərimiz, demək olar ki, eynidir. İsa Məsihin vəsiyyətləri ilə Məhəmməd Peyğəmbərin hədisləri arasında oxşar və ziddiyyət təşkil etməyən mühakimələr saysızdır. Burada təəccüblü, heyrətlənəsi heç nə yoxdur, bu, bəşər övladına tək Allahın müxtəlif dövrlərdə çatdırdığı eyni tövsiyələrdir. 
Arxiyepiskop Aleksandr görüşümüzün sonunda əsrin ən böyük faciəsinin dini nadanlıq olduğunu deyir:
- Bəzən bəşəriyyətin, dünyəvi və humanitar dəyərlərin əleyhinə şüarlar səsləndirilir və təəssüf ki, insanlar buna inanırlar. Bəzən müəyyən biliklərə və hətta elmi dərəcəyə malik insanların haqq yolundan sapması məni dərindən təəssüfləndirir. Belə çıxır ki, hər hansı bir elmi - kimyanı, ya da fizikanı mükəmməl bilmək heç də savadlı olmaq demək deyil. İslamdan və xristian dinindən xəbəri olmayanlar bu dinləri tənqid edir. Sual verəndə isə aydın olur ki, nə Quranı oxuyublar, nə İncildən, nə də Tövratdan xəbərləri var! Bələd olmadığın fəlsəfəni tənqid hədəfi seçmək mümkündürmü? Mən uzun illər öz təcrübəmdə onun şahidi olmuşam ki, Quranı oxuyan xristianlar və bizim müqəddəs Kitablarımızı oxuyan müsəlmanlar öz mühakimələrində daha kamil, daha doğru yol tutmağı bacarırlar. Dini hisslər hər bir insana xasdır, bəzilərində güclü, bəzilərində nisbətən zəif ola bilər. Fikir ayrılıqları müxtəlif ola bilər. Ancaq insana düzgün və ədalətli qənaətə gəlmək üçün dərin biliklər zəruridir. 
Təkallahlığı təlqin edən səmavi dinlərin hamısının dərin qardaşlıq fəlsəfəsi mövcuddur. Bu dinlər dəqiq bir xalqa yox, bütün bəşəriyyətə ünvanlanıb. Onların qarşısında bütün insanlar bərabərdir. Azərbaycanın nəinki, şəhərlərində, hətta kəndlərində belə yan-yana, qoşa tikilən kilsə və məscidlər var. Abidələr və dinlər, mədəniyyətlər və etiqadlar insanlara bir-birini başa düşməyə, sevməyə kömək etməlidir, Azərbaycandakı kimi. Azərbaycan multikulturalizmi öyrənilməyə, tədqiq edilməyə layiq bir mənəvi abidədir. Bu abidənin surəti xalqın genetik yaddaşından, milli ruhundan bulaq kimi süzülərək bugünkü multikulturalizmin müasir simasını formalaşdırıb. Onun püxtələşməsində XX əsrin sonunda ulu öndər Heydər Əliyevin, XXI əsrin əvvəlində isə Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Məhz Prezidentin dəstəyi sayəsində 2013-cü ildə Bakıda Pravoslav Dini Mədəni Mərkəzi yaradıldı və dövlət başçısı özü mərkəzin açılışında iştirak etdi. Ölkəmizdə bütün ənənəvi dini icmalara dəstək verilir, yeni məscidlər, kilsələr, sinaqoqlar tikilir. Kütləvi informasiya vasitələrində dini mövzularda maraqlı yazılar dərc edilir, dövlət başçısı bütün dini icmaların liderləri ilə görüşür, ildə bir dəfə ramazan ayına həsr olunmuş qəbullar keçirilir. Dini icmaların rəhbərləri bu görüşlərdə hamını narahat edən, düşündürən mövzulara da toxuna bilirlər. 
Bakıda işini başa vuran VII Bakı Qlobal Forumunda bir daha Azərbaycanda multikultural ənənələrin bənzərsiz cəhətləri təsdiq edildi. BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əL-Nasir çıxışının sonunda maraqlı bir məqama toxundu: “...İcazə verin bir daha bildirim ki, “müharibə insanların beynində başlayır” kəlməsi var və sülhə aparan yol insanların qəlbindən keçir. Ümid edək ki, BMT-nin Sivilizasiyalar Alyansının təmin etdiyi bu platforma sülhə körpü salmaq üçün insanların beyninə və qəlbinə yol tapacaq”. 
Bəşəriyyəti sülhə aparan yolun Azərbaycanın multikultiralizm modelindən keçməsi heç kimdə şübhə doğurmur.

“Azərbaycan” qəzeti

Son baxılan xəbərlər

Şuşa məscidində namaz qılındı

Xəbərlər
13.11.2020 / 13:22
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
23.11.2018 / 17:00
Ətraflı oxu

Komitə sədri: “Azərbaycanda hansısa qrupların, dairələrin ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdləri heç bir nəticə ...

Açıqlama
08.05.2017 / 18:00
Ətraflı oxu

“Dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.02.2019 / 10:19
Ətraflı oxu

Dövlət müşaviri: "Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına ...

Multikulturalizm
11.01.2017 / 09:48
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
25.05.2021 / 16:08
Ətraflı oxu