Səyyad Salahlı: “Dini tolerantlıq dövlət siyasətinin tərkib hissəsidir”

Müsahibələr / 22.04.2016 / 11:38

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, filologiya üzrə fəlsəfə doktoru Səyyad Salahlının müsahibəsi:
 
- Səyyad müəllim, əvvəlcə Azərbaycanda dini qurumlarla işin təşkilində və tolerantlıq siyasətinin həyata keçirilməsində təmsil etdiyiniz Komitənin rolu barədə fikirlərinizi öyrənmək istərdik?
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tolerantlığın ölkəmizdə daha da təkmilləşməsi və müxtəlif dini konfessiya rəhbərləri arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətində bir sıra addımlar atılmışdır. Xüsusilə Dövlət Komitəsinin sədri yanında yaradılmış Məşvərət Şurasını qeyd etmək istərdim. Bu Şurada Azərbaycanda fəaliyyət göstərən ənənəvi konfessiyalar - müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər rəhbərlik səviyyəsində təmsil olunurlar. Məşvərət Şurasının əsas məqsədi dini etiqad azadlığının təmin olunmasında mövcud məsələlərin müzakirəsi, onların həlli ilə bağlı tövsiyələrin hazırlanması və dinlərarası dialoqun səmərəli təşkilidir. Şuranın vəzifə və funksiyalarına dini konfessiya nümayəndələrinin arasında anlaşma və qarşılıqlı hörmət hissinin gücləndirilməsi, dindarlar arasında radikal, ekstremist meyillərin, o cümlədən dini duruma mənfi təsirlərin, həmçinin mövhumat və xurafat elementlərinin aradan qaldırılması istiqamətində iş aparılması, dövlət-din münasibətlərinin qarşılıqlı etimad əsasında inkişaf etdirilməsi istiqamətində dini qurumların iştirakı ilə tədbirlərin görülməsi və s. bu kimi məsələlər aiddir.
Bundan əlavə, 2014-cü ilin dekabr ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Dinşünaslıq üzrə Komissiya yaradılmışdır ki, buraya islam dini üzrə mütəxəssislərlə yanaşı, xristian və yəhudi dinlərinə mənsub ekspertlər cəlb olunmuşlar. Bütün bunlar ölkədə müxtəlif konfessiyalar arasındakı tolerantlığın qorunub saxlanması istiqamətində atılmış addımlardır.
Həmçinin tolerantlığın təbliği istiqamətində müxtəlif nəşrlər, o cümlədən “Heydər Əliyev siyasəti: Tolerantlıq”, “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir”, “Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz” və s. kitablar işıq üzü görmüşdür.
Cənab Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bu günə kimi Dövlət Komitəsi tərəfindən 116 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 97-u isə İslam dini icmasıdır.
Dövlət Komitəsi digər dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq şəraitində maarifləndirmə tədbirlərini gücləndirmişdir.  Ötən müddət ərzində Dövlət Komitəsi dini icmalarla əlaqələrin səmərəliliyinin artırılması, din xadimlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq çərçivəsində bir sıra maarifləndirmə tədbirləri təşkil etmişdir. Eyni zamanda, Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir, müxtəlif dini mövzularda birgə tədbirlər təşkil olunur.
 
- Ötən il Nardaranda baş verən hadisələrə münasibətiniz və bir daha belə arzuolunmaz halların təkrarlanmaması üçün hansı işlərin görülməsini zəruri hesab edirsiniz?
- Nardaranda yaşanan acı təcrübənin gələcəkdə təkrarlanmaması üçün şübhəsiz ki, maarifləndirmə işi aparılmalı, o cümlədən buradakı gənclərə vətənpərvərlik hissləri aşılanmalı, milli-mənəvi dəyərlərimiz təbliğ edilməli, belə zonalarda mövcud olan əsas sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülməlidir. Hazırda dövlətimiz Nardarandakı problemlərin aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Nardaran artıq yeni simaya bürünməkdədir. İnanırıq ki, görülən işlər burada öz müsbət nəticəsini verəcəkdir.
 
- Azərbaycanda və xaricdə dini abidələrin qorunması istiqamətində görülən işlər barədə nə deyərdiniz?
-Ulu Öndərin dövlət-din münasibətləri sahəsində əsasını qoyduğu bu siyasətin onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki,  Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir və bir çox dövlətlərin üzərində baş sındırdığı “Dünyəvi dövlətdə din siyasəti necə olmalıdır” sualının əyani cavabı kimi qəbul olunur. Ölkə başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilmiş, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilmişdir. Məhz Prezident İlham Əliyevin ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirmişdir.
Son illər Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilərək dindarların istifadəsinə verilmişdir. Görülən bu işlərin davamı olaraq, 2014-cü ilin dekabr ayında özündə Azərbaycanın milli-dini ənənələrə sadiqliyini əks etdirən əzəmətli  Heydər məscidinin açılışı olmuşdur. Bu il fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra böyük açılış mərasimi keçirilmişdir. Onu da qeyd etməliyik ki, ölkəmizdə 2 mindən artıq məscid mövcuddur. Təkcə son 11 il ərzində 140-a yaxın məscid tikilmiş, 80 məscid əsaslı şəkildə bərpa edilmişdir.
Bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır. Məhz Fondun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonunun Binə qəsəbəsindəki Möhsin Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılmışdır.
Fondun gördüyü işlər təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Heydər Əliyev Fondunun hər bir layihəsi xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət göstərir. “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu istiqamətdə görülmüş mütərəqqi işlərdəndir. Layihə çərçivəsində ölkədəki məscid, kilsə, sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır. Bundan başqa, Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransada bir sıra kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
 
- Heydər məscidində Vəhdət namazının qılınmasını necə qiymətləndirirsiniz?
-Təbii ki, bu, çox təqdirəlayiq haldır. Dünyada tolerant və multikultural dəyərlərə malik bir ölkə kimi qəbul edilən Azərbaycanda tarixən sünni və şiə məzhəblərinin daşıyıcıları  arasında mehriban münasibətlər mövcud olub və heç bir ciddi problem, məzhəblərarası mübahisələr yaşanmamışdır. Allahı bir,  Müqəddəs Kitabı bir, dini bir olan dindarların xırda təfərrüatları bir tərəfə buraxaraq bir yerdə ibadət etmələri təbii və gözləniləndir. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə də Uca Yaradan möminləri “firqələrə parçalanmamağa”, “Allahın möhkəm ipindən yapışaraq  ayrılığa düşməməyə” səsləyir (Ali-İmran surəsi -103, Rum surəsi - 32). Bu, həm də dövlətimizin apardığı təriqətlərüstü siyasətin bir ifadəsidir.
 
 “İki sahil” qəzeti 

Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
04.10.2019 / 17:49
Ətraflı oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
19.09.2017 / 10:26
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2019 / 14:58
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Binəqədidə “Radikalizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.11.2016 / 10:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlaxda vətəndaşları qəbul edəcək

Arxiv
15.12.2017 / 18:00
Ətraflı oxu