Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayır

Multikulturalizm / 02.02.2016 / 17:10

Məqsədimiz Azərbaycana olan marağı sevgiyə çevirməkdir
Fevralın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş — 2016” adlı Beynəlxalq Multikulturalizm Qış məktəbi layihəsinə start verilir.
2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatılacağı Beynəlxalq Multikulturalizm Qış məktəbi 8-15 fevral tarixlərində Bakıda, Qubada, Xaçmazda və Qusarda fəaliyyət göstərəcək.
BBMM-in Layihələr şöbəsinin müdiri Hikmət Babayev Qış məktəbi ilə bağlı ətraflı məlumat verərək sözügedən layihənin ideoloji əhəmiyyətini vurğulayıb: “Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu, Dövlət müşaviri, akademik Kamal Abdullayevin çıxışlarında qeyd etdiyi kimi, həm də mərhəmət, şəfqət və xoşməramlıq ili sayıla bilər və əslində, bütün dünyaya Azərbaycan tərəfindən göndərilən bir mesajdır. Prezident İlham Əliyevin “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq” sitatını özünə deviz seçən qış məktəbi ötən ilin yayında keçirilən beynəlxalq yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq təşkil edilir. Artıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yay və qış məktəbləri ənənəyə çevrilməkdədir. Qış məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı Azərbaycana sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır. Xarici ölkə universitetlərdəki tələbələrin, mütəxəssislərin “Azərbaycan multikulturalizmi” fənni ilə tanış olduqdan sonra Azərbaycana gəlmələri, fənn vasitəsilə öyrəndiklərini əyani şəkildə öz gözlərilə görmələri, həmyaşıdları ilə ünsiyyət qurmaları, bu ünsiyyəti sonralar davam etdirmələri çox vacibdir. Qış məktəbinin təşkili Azərbaycan multikulturalizminin təbliğində mühüm vasitədir və gələcəkdə xarici tələbələr elmi fəaliyyətlərində Azərbaycan təcrübəsinə istinad edə biləcəklər. Ümumiyyətlə, ölkəmizdə olan, gələcəkdə öz elmi və digər istiqamətlərdəki fəaliyyətini Azərbaycanla bağlayan hər bir xarici tələbə öz ölkəsində Azərbaycanın təmsilçisidir. Onların sevgisini qazanmağımız Azərbaycanı sevən və onu hər an müdafiəyə hazır olan əcnəbin dostlarımızın dairəsini genişləndirməkdir”.
Şöbə müdirinin bildirdiyinə görə, bu il Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından cəmi 35 – dən çox, eləcə də Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, bütövlükdə 50 –dən çox tələbə Beynəlxalq Multikulturalizm qış məktəbində iştirak edəcək: “Bu tələbələrə Azərbaycanlı mütəxəssislərlə yanaşı, müxtəlif ölkələrdən professorlar – BBMM-in Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona universitetinin Beynəlxlaq Əlaqələr Departamentinin direktoru, Teresa Damasio, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kuduralı, Ardahan Universitetinin rektoru, Qafqaz Universitetləri Birliyinin rəhbəri Ramazan Korkmaz, BBMM-in Drezden filialının icraçı direktoru Birgit Vaysberqer, Litva Pedoqoji Universitetinin alimi Vidas Kavaliauskas, «Художественная литература»  nəşriyyatının baş redaktoru G.V.Pryaxin, Moskva Açıq Təhsil İnstitutunun “YUNESKO beynəlxalq təhsil və miqrant uşaqların məktəbdə inteqrasiyası kafedrası”nın müdiri Y.A. Qoryaçev kimi tanınmış alimləri mühazirələr oxuyacaqlar. İnanırıq ki, xarici dostlarımızı Azərbaycanda – Bakıda, Qubada, Xaçmazda, Qusarda keçiriləcək Beynəlxalq Multikulturalizm qış məktəbində bol sevgi, əsl dostluq, sevinc dolu günlər, yaddaqalan müsabiqələr, mənalı və intellektual görüşlər gözləyir”.
H.Babayev qeyd edib ki, Beynəlxalq Multikulturalizm qış məktəbinin proqramı çox zəngindir: “Fevralın 8-də Bakı Slavyan Universitetində açılışı gerçəkləşəcək Beynəlxalq Multikulturalizm qış məktəbi ərzində tələbələrin Azərbaycanın şərəf və qəhrəmanlıq tarixinin yazıldığı Şəhidlər və Fəxri xiyabanlarını, Heydər Məscidini, Bakıda yerləşən ibadət evlərini, Qubada və Qusarda Ümumilli Lider Heydər Əliyevin abidəsini, Quba Soyqırımı Memorialını ziyarətləri nəzərdə tutulub. Qış məktəbi iştirakçılarının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Bilik Fondu, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi muzeyləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Milli Olimpiya Komitəsi, Bakı Əyləncə Mərkəzi, Xaçmaz rayon Tarix Diyarşünaslıq Muzeyi və Qubadakı Qırmızı Qəsəbədə maraqlı görüşləri planlaşdırılıb. Qış məktəbi boyu tələbələrin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sədi, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski, Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov , Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamlının rəhbəri, xalq artisti Afaq Məlikova, eləcə də digər tanınmış dövlət rəsmiləri və incəsənət xadimləri ilə görüşləri gözlənilir. Qış məktəbinin tədris hissəsində “Almaniya multikulturalizminin aktual məsələləri və Azərbaycan təcrübəsi”, “Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi”, “Rusiyanın təhsil sitemində multikulturalizm məsələləri”, “Türkdilli ölkələrdə multikulturalizm siyasəti”, “Yeni dünya nizamı və multikulturalizm”, “Cənubi Qafqazda geosiyasi vəziyyət” mövzusunda mühazirələr dinləniləcək, “Dünya təcrübəsində multikulturalizm modelləri” mövzusunda dəyirmi masa təşkil ediləcək. Tədrislə yanaşı tələbələrin istirahət saatlarının səmərəli təşkili də yüksək səviyyədə həyata keçiriləcək. Qış məktəbinin rəsmi bağlanış mərasimi fevralın 15-də Bakıdakı Modern hoteldə olacaq”. 

Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama
29.04.2019 / 19:37
Ətraflı oxu

Göyçayda “28 May – Respublika Günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
27.05.2019 / 17:39
Ətraflı oxu

Dövlətçiliyin və müstəqilliyin etibarlı təminatçıları

Xəbərlər
23.09.2017 / 09:44
Ətraflı oxu

Xətai rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
17.04.2019 / 15:29
Ətraflı oxu

Ziyalılar dini radikalizmə və cəhalətə qarşı mübarizəyə dəstək verməlidirlər

Press-relizlər
31.10.2017 / 17:38
Ətraflı oxu

Mübariz Qurbanlı: Dini radikalizmin qarşısı alınır və alınacaq (Video-müsahibə)

Müsahibələr
17.09.2014 / 18:24
Ətraflı oxu