Əliheydər Zülfüqarov: “Azərbaycanda dövlət-din münasibətləri yüksək xətlə inkişaf edir”

Açıqlama / 30.11.2015 / 19:49

“Ölkəmiz müstəqilliyini qazandıqdan sonra qanunvericiliyin təkmilləşdirilməsi, xüsusilə “Dini etiqad azadlığı haqqında” qanunun qəbulu və müvafiq olaraq bu qanuna əlavə və dəyişikliklərin edilməsi dövlət-din münasibətlərinin tənzimlənməsində böyük uğurlara imza atdı. Beləcə Azərbaycanda bütün dini etiqadlara (istər müsəlman, istərsə də qeyri-müsəlman dinlərin mənsubları üçün) bərabərhüquqlu şərait yaradıldı”. Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.
Şöbə müdirinin sözlərinə görə, 2001-ci ildə DQİDK yaradıldıqdan sonra dini icmaların dövlət qeydiyyatına alınması prosesi Dövlət Komitəsində həyata keçirilməyə başlanıldı. Əvvəllər dini icmalar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdilər: “2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edildikdən sonra Dövlət Komitəsində 644 dini qurum qeydiyyatdan keçmişdir. Konfessional baxımdan onların 620-si İslam, 24-ü isə qeyri-islam (xristian – 15; yəhudi – 6; krişna – 1; bəhai – 2) təmayüllüdür. Ölkə ərazisində 2166 məscid mövcuddur, onlardan 135-i Bakı şəhərində yerləşir. Bununla belə, ölkədə 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir, 748 pir və ziyarətgah mövcuddur ki, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür”.
Qurum rəsmisi bildirib ki, Azərbaycan Respublikasında 2166 məscid (işğal olunmuş rayonlar istisna olmaqla) mövcuddur. Onlardan 207-si Naxçıvan Muxtar Respublikasının payına düşür. Respublika üzrə məscidlərdən 1400-ü daimi, 213-ü mövsümi (əsasən Ramazan ayı, Qurban bayramı və Məhərrəmlik zamanı) fəaliyyət göstərir. Qeyd edək ki, sovetlər dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu, 1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunub. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur”.
Ə.Zülfüqarov deyib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dönəmində 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub: “Dövlət vəsaiti hesabına 1998-ci ildə Bibiheybət məscid-ziyarətgah kompleksinin yenidən qurulmasına başlanılıb, 1999-cu ildə rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə isə ölkədə 136 məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Binəqədi rayonunda ölkənin ən böyük məscidi “Heydər” məscidi inşa olunub. Hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən, Gəncə şəhər İmamzadə ziyarətgahında bərpa işləri yekunlaşmaq üzrədir.
Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən 8 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrəti Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Şüvəlan qəsəbəsi Heydər məscidi, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunub”.
O, əlavə edib ki, Azərbaycanda multikulturalizmin inkişafı sahəsində də cənab Prezidentin xüsusi qayğısı nəticəsində müvafiq qurum olan Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb: “Qeyd etmək lazımdır ki, Azərbaycanda tək məscidlər deyil, kilsə və sinaqoqlar da dövlət qayğısı ilə əhatələnib. Xüsusilə qeyd etmək lazımdır ki, həm dövlət vəsaiti hesabına, həm də Heydər Əliyev Fondunun maddi dəstəyi ilə müvafiq təmir-bərpa işləri aparılıb.
Hazırda Bakı şəhərində 5 kilsə fəaliyyət göstərir. Gəncədə 1, Xaşmazda 1, Qəbələdə 1 kilsə mövcuddur. Eləcə də Oğuz rayonunda fəaliyyət göstərən kilsə var. Qax rayonunda isə 4 kilsə fəaliyyətdədir. Ümumilikdə Respublika üzrə cəmi 13 kilsə fəaliyyət göstərir. Bundan başqa yəhudi dini məbədi olan sinaqoqlardan Azərbaycanda 7-si mövcuddur. Onlardan 2-si Bakı şəhərində, 3-ü Quba, 2-si isə Oğuz rayonlarında fəaliyyət göstərir.
Cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq hər il istər müsəlman, istərsə dəqeyri-müsəlman dini icmalara dövlət tərəfindən maliyyə yardımları olunur. Bununla belə, həmin icmalarla əlaqələndirici görüşlər keçirilir, onların fəaliyyətlərinin inkişafı istiqamətində müvafiq tədbirlər görülür”.
    

Son baxılan xəbərlər

İmişlidə “Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
31.05.2018 / 16:12
Ətraflı oxu

Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
18.01.2018 / 14:59
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
16.01.2020 / 17:29
Ətraflı oxu

Ağcabədidə dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir təşkil olunub

Press-relizlər
20.04.2018 / 16:32
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Küveytin səfiri ilə görüşüb

Press-relizlər
24.07.2019 / 16:19
Ətraflı oxu

Bakıda “Həyat sözü” Xristian dini icmasının 25 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
23.09.2019 / 17:01
Ətraflı oxu