
Açıqlama / 26.11.2015 / 18:51
"DİN və Baş Prokurorluqla mövqeyimiz eynidir".
"Daxili İşlər Nazirliyinin Nardaranda keçirdiyi əməliyyat qanunidir və ölkə vətəndaşlarını qorumaq məqsədi daşıyır. Çox təəssüf ki, din pərdəsinə bürünmüş və qondarma "Müsəlman Birliyi Hərəkatı" adı altında, əslində cinayətkar bir təşkilat yaratmış adamlar hüquq-mühafizə orqanı əməkaşlarının keçirdiyi əməliyyata qarşı çıxıblar".
Bu fikirləri ANS PRESS-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurumun mövqeyi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mövqeyi ilə eynidir:
"Nardaranda polisin keçirdiyi əməliyyat istər Nardaran əhalisi, istərsə də ictimaiyyət tərəfindən dəstəklənir. Çünki "Müsəlman Birliyi Hərəkatı" adlanan qurum qeyri-qanuni fəaliyyət göstərir. Din adı altında gizlənən Tale Bağırzadə və Əbülfəz deyilən adamlar əslində kənardan aldıqları sifarişləri yerinə yetirirlər və faktiki olaraq kriminallaşmış şəxslərdir. Təəssüf ki, hadisələr zamanı iki nəfər polis əməkdaşı dünyasını dəyişib. Bu şəxslər və onları himayə edənlər olanlara görə öz cəzalarını alacaqlar. Bu kimi qanunsuzluqların qarşısını almaq lazımdır ki, Azərbaycanda din adı altında milli müstəqilliyimizə və dövlətçiliyimizə xələl gətirə bilməsinlər", - deyə M. Qurbanlı bildirdi.